Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov və Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə iştirak etmişlər.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə son dörd ilin tələbə qəbulu nəticələri təhlil olunmuş, gələcək tədris ili üçün tələbə qəbuluna dair təkliflər müzakirə edilmişdir. Həmçinin, yeni ixtisasların açılması qaydalarına dair təlim keçirilərək, bu prosesin tələb etdiyi maddi-texniki baza və kadr potensialı kimi mühüm amillər diqqətə çatdırılmışdır.
Tədbirdə ali təhsil sisteminin inkişafı, kadr hazırlığının keyfiyyətinin artırılması və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması kimi vacib mövzulara toxunulmuşdur. Yeni ixtisasların formalaşdırılması və bu istiqamətdə atılacaq addımlar ətrafında geniş müzakirələr aparılmışdır. Ali təhsilin müxtəlif səviyyələri üzrə qəbul planlarının optimallaşdırılması və dövlət sifarişli yerlərin artırılması istiqamətində statistika təqdim edilmişdir.
Tədbirin sual-cavab və təkliflər hissəsində Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov iki əsas təklif irəli sürmüşdür.
Birinci təklif bakalavriat səviyyəsinə tələbə qəbulu zamanı prosesin daha səmərəli olması ilə bağlıdır. Bildirilmişdir ki, birinci mərhələ tam başa çatmadan ikinci mərhələyə keçidin qarşısını almaq vacibdir, çünki bu, abituriyentlərin təhsil almaq hüququna zərər verir. O, qeyd etmişdir ki, bəzi tələbələr qəbul olunduqları halda qeydiyyatdan keçmir və nəticədə plan yerləri boş qalır. Dos. Qabil Qafarov, magistratura səviyyəsində olduğu kimi, bakalavriat qəbulunu da eyni formatda həyata keçirmək təklifini irəli sürmüşdür – yəni, ilk mərhələ başa çatdıqdan sonra boş qalan yerlər və qeydiyyatdan keçməyənlər üçün yenidən elan verilməsi təklif olunmuşdur.
İkinci təklifi isə gələcəkdə proqnoz yerlərinin elan edilməsi ilə bağlıdır. Bildirilmişdir ki, 2025-2026-cı tədris illəri üçün plan yerləri açıqlanmadan əvvəl və hər hansı bir dəyişiklik edilərsə, bu dəyişikliklərin əvvəlcədən müzakirə olunması və razılaşdırılması vacibdir. Hər iki təklif qəbul edilmişdir və onların həyata keçirilməsi barədə addımlar atılacağı bildirilmişdir.
Tədbirin sonunda iştirakçılar arasında müzakirələr nəticəsində tələbə qəbulunun səmərəliliyinin artırılması və yeni ixtisasların formalaşdırılması üçün atılacaq addımların vacibliyi vurğulanmışdır. Bu tədbir, ali təhsil sisteminin inkişafına yönəlmiş müsbət təşəbbüslərin və strategiyaların irəliləməsi üçün mühüm bir addım olmuşdur.