OYU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

12 Dekabr, 2024

OYU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Yaşayan Əbədi Lider” adlı tədbir keçirilmişdir.
Tədbir Ulu Öndərin büstü önünə gül qoyulması ilə başlamış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində iştirakçılar Ümumilli Lider Heydər Əliyevin dövlət quruculuğu, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafındakı xidmətlərindən bəhs etmişlər. Çıxış edənlər arasında Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Milli Məclisin deputatı, millət vəkili, professor Samir Vəliyev, OYU-nun fakültə dekanı Nuridə Muxtarzadə, eləcə də universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr olmuşdur.
Məruzələrdə Heydər Əliyevin Azərbaycanın təhsil sisteminin inkişafında əvəzsiz rolu, mədəni irsin qorunması və zənginləşdirilməsi istiqamətində atdığı mühüm addımlar, iqtisadiyyatın dayanıqlı inkişafına yönəlik strateji siyasəti, gənclər siyasətində həyata keçirdiyi dərin islahatlar və Azərbaycanın müstəqillik tarixində qazandığı şanlı zəfərlərə verdiyi töhfələr geniş şəkildə işıqlandırılmışdır. Çıxışlar zamanı Heydər Əliyevin milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərdiyi fədakarlıq bir daha vurğulanmışdır.
Tədbir, Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş yüksək səviyyəli musiqi nömrələrinin səsləndirilməsi ilə davam etmişdir. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan tələbələrə fəxri fərmanlar təqdim edilmişdir ki, bu da gənc nəslin Ulu Öndərin ideallarını mənimsəməsi və təhsil sahəsində yüksək nailiyyətlər əldə etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Odlar Yurdu Universitetində təşkil olunan bu tədbir, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar irsinin və Azərbaycanın müasir inkişafında onun oynadığı əhəmiyyətli rolun bir daha yaddaşlara həkk olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Heydər Əliyevin ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm platforma kimi dəyərləndirilmişdir.