Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə iki ay davam edən təcrübə proqramının uğurla başa çatması münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim edilmişdir. Tədbir universitetimizdə xüsusi mərasimlə keçirilmişdir.
Proqram çərçivəsində Dendrologiya İnstitutunun alim və mütəxəssisləri, Odlar Yurdu Universitetinin Təbiət və Texnologiya fakültəsində təhsil alan tələbələrimizə müxtəlif növ ağac, kol və ot bitkilərinin yetişdirilməsi, introduksiyası, iqlimləşdirilməsi və morfologiyası üzrə nəzəri və praktiki biliklər öyrətmiş və bu sahədə təcrübələr keçirmişlər.
Sertifikatların təqdimat mərasimində çıxış edən Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov Dendrologiya İnstitutunun əməkdaşlarına təşəkkürünü bildirmiş və onların tələbələrin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirmişdir. Tədbir həmçinin universitet ilə institut arasında elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək perspektivlərin müzakirəsi ilə yekunlaşmışdır.
Odlar Yurdu Universiteti olaraq, elmi əməkdaşlıq və təcrübə mübadiləsini təşviq edən bu cür təşəbbüsləri davam etdirərək tələbələrimizin təhsil və tədqiqat sahəsində inkişafını hər zaman dəstəkləyirik.