Odlar Yurdu Universiteti yenə də tələbələrinin yaradıcılıq potensialını parlaq şəkildə nümayiş etdirdiyi bir mühit yaratmışdır. 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında universitet tələbələrə yalnız biliklərini yoxlamaq deyil, həm də yaradıcılıqlarını ifadə etmək üçün geniş imkanlar təqdim etmişdir.
Dizayn ixtisasının 4-cü kurs tələbələri bu gün Poliqrafiya fənni üzrə imtahanda kataloq dizaynı hazırlayaraq öz fərdi üslublarını və texniki bacarıqlarını ortaya qoymuşlar. Adobe Photoshop və Illustrator proqramlarından istifadə edən tələbələr hər bir detal üzərində incəliklə çalışaraq yüksək səviyyəli işlər ərsəyə gətirmişlər. Onların dizaynları həm estetik baxımdan cəlbedici, həm də funksional olmuşdur.
Tələbələr, kataloq dizaynı mövzusunun onların yaradıcılıq sərhədlərini genişləndirdiyini və fərqli yanaşmalar kəşf etməyə imkan yaratdığını bildirmişlər. Onlar rənglərin harmoniyasını, formaların ahəngini və məzmunun dəqiqliyini birləşdirərək əsərlərində öz dəst-xətlərini nümayiş etdirmişlər.
Odlar Yurdu Universiteti, yalnız tədris məkanı deyil, həm də yaradıcı fikirlərin formalaşdığı və inkişaf etdiyi bir ilham mənbəyi olduğunu bir daha sübut etmişdir. Universitet tələbələrinə nəzəri biliklərlə yanaşı, onların peşəkar bacarıqlarını möhkəmləndirmək və fərdi üslublarını inkişaf etdirmək üçün hər cür şərait yaratmışdır.