Daha bir məzunumuz əməkdaşımız kimi fəaliyyətə başladı

12 Noyabr, 2018

Daha bir məzunumuz əməkdaşımız kimi fəaliyyətə başladı

Bu il məzun olan tələbəmiz Məmmədhəsənov Ənvər, Yaradıcılıq, mədəni layihələr və Tədbirlərin Təşkili İnstitutunun direktor müavini vəzifəsinə təyin olunub. M.Ənvər tələbə olduğu müddətdə istər yerli, istərsə də beynəlxalq tədbirlərdə, müsabiqələrdə hər zaman universitetimizi layiqincə təmsil etmişdir.

Belə ki, o, Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələrinin tələbələri arasında təşkil etdiyi “Tələbə baharı” Ümumrespublika Yaradıcılıq Festivalının vokal və klassik estrada nominasiyası üzrə son 3 ildə qalibi seçilib.

Eyni zamanda, 5-6-7-8 may 2017-ci il tarixlərində Çukurovada keçirilən III Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında Azərbaycanı təmsil etmişdir. Son dərəcə yüksək səviyyədə keçirilən bu tədbir, Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbəri Halisə xanımın təşkilatçılığı ilə Türk Dünyasını, türk insanlarını bir araya gətirmişdir.

O, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə reallaşdırılan “Sarı Gəlin” Tələbə Mahnı Festivalının qalibi olmuşdur.

Tələbələr arasında keçirilən I “Universitetlərarası ana dili“ müsabiqəsində üçüncü yerə də Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülmüşdür.

Məmmədhəsənov Ənvər 20-23 sentyabr 2017-ci il tarixlərində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxıstan-Azərbaycan Gəncləri ilə bağlı keçirilən tədbirdə respublika gənclərini layiqincə təmsil etmiş və öz mahnıları ilə çıxış etmişdir.

Odlar Yurdu Universiteti hər zaman tələbə və məzunların karyeralarının inkişaf etməsinə, onların iş dünyasına hazırlanmalarına, ixtisaslarına uyğun iş tapmalarına və iş həyatının hər pilləsində uğur əldə etmələrinə köməklik göstərir.