Odlar Yurdu Universitetinin əməkdaşları 14-18 oktyabr 2019-cu il tarixində İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak ediblər. Təlimlər, Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində həyata keçirilib. Bu təlimlərdə Odlar Yurdu Universiteti, İsveçin nüfuzlu Kral Texnologiya Universitetində 7 ölkənin nümayəndələri ilə birgə iştirak edib. Təlimlərə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və 11 Azərbaycan universitetindən təmsilçilər qatılıb.
Odlar Yurdu Universitetini Beynəlxalq Əlaqələr, Layihələr və Strateji İnkişaf Departamentinin rəhbəri Zaur Məmmədov və Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Elşən Eziz təmsil edib. Təlimlər 5 gün davam edib və ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodları və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və əsas prinsipləri mövzusunda təqdimatlar keçirilib. Bu mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparılıb. Təlimlərin yekununda Universitet nümayəndələri beynəlxalq sertifikatlarla təltif edilib.