Odlar Yurdu Universitetində, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə 18 aprel 2019-cu il tarixində şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib.
Yarışın məqsədi, aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, məktəbliləri şahmat idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək və onların fiziki inkişafını və sağlamlıqlarını qorumaqdır.
Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanımızın azadlığı, istiqlaliyyəti uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, Odlar Yurdu Universitetinin prorektorları Aqil Məmmədov və professor Novruz Zeynalov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov çıxış edərək qeyd etmişlər ki, güclü ordu hər bir dövlətdə tarixi zərurətdir. Həmçinin, natiqlər vurğulamışlar ki, ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir və idmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.
Şəhid Sənan Axundov, Füzuli şəhərində anadan olmuş, 1996-cı ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirmişdir. Bakı Ali Hərbi Akademiyasına daxil olmuş və 2001-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. O, kəşfiyyatçı olaraq çalışmış, 2008-ci ildə Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmiş və müxtəlif təlimlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi tərəfindən bir çox fəxri fərmanlarla təltif olunmuş və beş hərbi medalla mükafatlandırılmışdır. 2016-cı ildə aprel döyüşləri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşdur.
Yarışda 22 məktəbdən 66 məktəbli iştirak etmişdir. Olimpiya sistemi üzrə keçirilən turnirdə birinci yeri Məktəb-Lisey Kompleksi, ikinci yeri “Ankara məktəbi” məktəb-liseyi, üçüncü yeri isə 207 saylı tam orta məktəbin komandası qazanmışdır.