Odlar Yurdu Universitetinin müəllim kollektivi, universitetin tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak edib. 6 yanvar 2020-ci il tarixində başlayan 5 günlük təlim, keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda keçirilmişdir.
Təlimdə müəllim heyəti ilə avropalı təhsil eksperti təhsilin keyfiyyətini artırmaq və tələbəyönümlü metodları müzakirə ediblər. Bakı şəhərində keçirilən və Azərbaycanın 10 universitetinin əməkdaşlarının iştirak etdiyi təlimdə Odlar Yurdu Universitetini Beynəlxalq əlaqələr, layihələr və strateji inkişaf Departamentinin rəhbəri Zaur Məmmədov və Xarici Dillər Kafedrasının müəllimləri təmsil ediblər. Təlimin məqsədi tədris prosesinin tələbəyönümlü təhsil əsasında qurulmasını praktiki olaraq nümayiş etdirməkdir.
Təlim zamanı müəllimlərə tələbələrin tədris prosesinə daha fəal cəlb edilməsini təmin edən müasir tədris və qiymətləndirmə metodları təqdim edilib. Həmçinin, öyrənmə nəticələrinin müəyyənləşdirilməsi və geri bildirim sisteminin vacibliyi haqqında real nümunələr əsasında təqdimatlar aparılıb.
Daha sonra müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual-cavab sessiyası və faydalı müzakirələrlə davam edib.
Sonda təlim iştirakçıları sertifikatla təltif olunublar.