Odlar Yurdu Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

27 Aprel, 2018

Odlar Yurdu Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Odlar Yurdu Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq, ictimai xadim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbir Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyevin giriş sözü ilə başlanıb. Rektor, tədbir iştirakçılarını salamlayaraq, Mir Cəlal Paşayevin həyatının, yaradıcılığının və ictimai-siyasi fəaliyyətinin Azərbaycan ədəbiyyatına və elminə verdiyi töhfələrdən bəhs edib. O, qeyd edib ki, Mir Cəlal Paşayev həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışıb. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru olan Mir Cəlal Paşayev, həmçinin Azərbaycan ədəbiyyatı tarixinin əsaslı nəşrlərinin hazırlanmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, Atatürk mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov isə Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O, Mir Cəlal Paşayevin həm ali təhsil auditoriyalarında, həm də ictimai fəaliyyətdəki yüksək fəallığını vurğulayıb. Onun dərin bilikləri və geniş dünyagörüşü ilə yalnız Azərbaycan ədəbiyyatında deyil, həm də təhsildə dərin izlər buraxdığına diqqət çəkib.

Görkəmli ədəbiyyatşünas alim, Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal da öz çıxışında Mir Cəlal Paşayevin tələbələrinə böyük inamı və dəstəyini xatırladıb. O, qeyd edib ki, Mir Cəlal Paşayevin 110 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, Azərbaycan ədəbiyyatına və elminə verilən beynəlxalq dəyərin təzahürüdür.

Tədbir Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə davam edib. Daha sonra Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifasında Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən və "İclas qurusu" hekayəsindən səhnəciklər nümayiş olunub. Tələbələr, həmçinin, Mir Cəlal Paşayevin şeirlərini səsləndiriblər.

Tədbir iştirakçıların böyük marağına səbəb olub və Mir Cəlal Paşayevin zəngin irsi bir daha xatırlanmış oldu.