Odlar Yurdu Universitetinin tələbələri “Tələbə Baharı” XI Ümumrespublika Tələbə Yaradıcılıq Festivalında böyük uğur əldə ediblər. Festivalın seçim mərhələsində, respublikanın əməkdar və xalq artistləri olan Cavan Zeynallı, Bəsti Bəkirova, Gülyaz Məmmədova və digər tanınmış sənətkarların yer aldığı münsiflər heyətinin qərarına əsasən, universitetin tələbələri estrada, xalq mahnıları və pop janrı üzrə I yerin qalibi olublar. Eyni zamanda, tələbələrimiz xalq mahnıları və estrada janrı üzrə III yeri də qazandılar.
Festivalın Qala konserti 25 aprel tarixində keçiriləcək və qalib tələbələr fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, “Tələbə Baharı” Ümumrespublika Tələbə Yaradıcılıq Festivalı, 2007-ci ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında hər il təşkil olunur. Festivalın əsas məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, istedadlı gəncləri aşkarlamaq və yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Odlar Yurdu Universitetinin tələbələrinin bu uğuru, universitetin yüksək təhsil və yaradıcı potensialını bir daha nümayiş etdirir. Bu cür tədbirlər tələbələrin inkişafı və motivasiyası üçün böyük əhəmiyyət daşıyır.