OYU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

12 Dekabr, 2025

OYU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Yaşayan tarix” adlı anım tədbiri təşkil edilmişdir.
Tədbir çərçivəsində əvvəlcə Ulu Öndərin universitetin foyesində yerləşən büstü ziyarət edilmiş və gülqoyma mərasimi keçirilmişdir. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilmiş, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universiteti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasındakı misilsiz xidmətlərini yüksək qiymətləndirmişdir. O, Ulu Öndərin siyasi irsinin bu gün də ölkəmizin inkişaf strategiyasına istiqamət verdiyini vurğulamış və bu irsin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Professor Samir Vəliyev həmçinin Azərbaycanın regionda güc mərkəzinə çevrilməsində cənab Prezidentin qətiyyətli liderliyi, milli maraqlara əsaslanan siyasəti və uzaqgörən idarəçilik xəttinin rolunu önə çıxarmışdır.
Daha sonra tədbirdə çıxış edən OYU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, professor Əli Əlirzayev, Ulu Öndərlə bağlı şəxsi xatirələrini bölüşmüş, Ümumilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, müdrikliyi və insanlara göstərdiyi diqqətin hər zaman böyük ehtiramla xatırlandığını vurğulamışdır.
Tədbirdə tələbələrin çıxışları tədbirin ən maraqlı hissəsini təşkil etmişdir. Gənclər Ulu Öndərin həyat və fəaliyyətinə dair fikirlərini bölüşərək onun elmə, təhsilə və gənclərə verdiyi dəyəri xüsusi qeyd etmiş, Ümumilli Lider Heydər Əliyevin ideyalarının bu gün Azərbaycan gəncliyinə ilham və motivasiya qaynağı olduğunu vurğulamışlar.
Anım tədbiri dərin ehtiram və yüksək mənəvi ruhla yekunlaşmış, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Odlar Yurdu Universiteti kollektivinin yaddaşında əbədi yaşayacağı bir daha təsdiqlənmişdir.