Odlar Yurdu Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə şəhidlərin ailə üzvləri, Odlar Yurdu Universitetinin həm magistrantları həm vətən müharibəsi iştirakçıları olan qazilərimiz və OYU-nun professor və müəllim heyəti iştirak ediblər.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İlk öncə Odlar Yurdu Universitetinin şəhid məzunları haqqında tədbir iştirakçılarına ümumi məlumat verilmişdir.
Daha sonra çıxışlar üçün söz verildi Azərbaycan silahlı qüvvələrin çavuşu, Vətən müharibəsinin şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovaya və Azərbaycan silahlı qüvvələrin əsgəri, Vətən müharibəsinin şəhidi Vüqar Məmmədovun bacısı Vəfa Məmmədovaya.
Tədbirdə şəhidimiz, vətən müharibəsinin qəhrəmanı, kapitan Noçuyev Surxay haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Daha sonra söz verilmişdir Vətən müharibəsi qəhrəmanı, şəhidi Noçuyev Surxayın atası Əbdül Noçuyevə. Çıxışdan sonra Odlar Yurdu Universitetinin Dizayn ixtisasının tələbəsi tərəfindən yağlı boya ilə çəkilmiş Vətən müharibəsi qəhrəmanı Noçuyev Surxayın portreti şəhidin atası Əbdül Noçuyevə təqdim olunmuşdur.
44 günlük Vətən müharibəsinin müasir və müstəqil Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev məhz şəhidlərimizin canı və qanı bahasına 30 illik yurd həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.
Tədbirin sonunda OYU-nun rektoru, professor Əhməd Vəliyev universitetimizin magistratura pilləsinin tələbə və məzunları olmuş vətən müharibəsi iştirakçıları olan qazilərimiz ilə xatirə şəkili çəkdirmişdir.