Odlar Yurdu Universitetində Akkreditasiya prosesinə dair təlim keçirilmişdir

16 Aprel, 2018

Odlar Yurdu Universitetində Akkreditasiya prosesinə dair təlim keçirilmişdir

Odlar Yurdu Universitetində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən universitetin əməkdaşları üçün təlim keçirilmişdir.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov, Akkreditasiya şöbəsinin böyük mütəxəssisi Lalə Abbasova və aparıcı mütəxəssisi Lamiyə Pənahova çıxış edərək bildirdilər ki, təlimin əsas məqsədi ali təhsil müəssisələrinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərilməsi, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatının təkmilləşdirilməsi və hesabatın tələb olunan qaydada tərtib olunmasına yardım göstərməkdir.

Təlimdə universitetin rəhbər heyəti, inzibati heyət, eləcə də professor-müəllim heyəti iştirak etmişdir. Təlim zamanı iştirakçılara özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, müəssisənin fəaliyyətində son beş ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunmuş və akkreditasiya üçün qiymətləndirmə istiqamətləri ətraflı şəkildə izah olunmuşdur.

Təlimdə iştirak edənlər akkreditasiya prosesinin təşkilində təlimlərin çox faydalı olduğunu bildirib, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün belə təlimlərin davam etdirilməsinin vacibliyini dilə gətiriblər.