Odlar Yurdu Universiteti ilə Wollongong Universiteti arasında memorandum imzalanmışdır

15 Noyabr, 2018

Odlar Yurdu Universiteti ilə Wollongong Universiteti arasında memorandum imzalanmışdır

Odlar Yurdu Universiteti ilə Dubayda yerləşən Wollongong Universiteti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır. Sənədi Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Wollongong Universitetinin rektoru, professor Mohamed Salem imzalamışdır.

Bu memorandum çərçivəsində universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkilinə dair razılıq əldə olunmuşdur. Memorandum, həmçinin hər iki universitetin tədris və elmi sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və təhsil sahəsində müştərək layihələrin həyata keçirilməsini təmin etmək məqsədini güdür.

Görüşün sonunda, professor Mohamed Salem Odlar Yurdu Universitetinin Fəxri Qonaq Diplomuyla təltif olunmuşdur.

Sənədin imzalanmasının ardından, qonaqlar üçün Odlar Yurdu Universitetinin kampusuna və universitetin nəzdində fəaliyyət göstərən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı qonaqlar Odlar Yurdu Universitetinin Bakı şəhərinin mərkəzində yerləşən müasir kampusunu, müxtəlif ixtisaslar üzrə avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetlərini, akademik Zərifə Əliyeva adına tibb muzeyini, texnoparkı, konfrans zalı və toplantı mərkəzlərini, kompüter zalını, müasir kitabxanasını, yeməkxanaları, idman zallarını, tibb məntəqəsini və stadionu ilə yaxından tanış olublar.

Bu əməkdaşlıq, Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsinə və təhsil sahəsində yeni imkanların yaradılmasına mühüm töhfə verəcəkdir.