Odlar Yurdu Universitetindən Cocuq Mərcanlıya “Bir millət-iki dövlət!” şüarı altında böyük bir motoyürüşün açılış tədbiri keçirilib

05 İyun, 2019

Odlar Yurdu Universitetindən Cocuq Mərcanlıya “Bir millət-iki dövlət!” şüarı altında böyük bir motoyürüşün açılış tədbiri keçirilib

Odlar Yurdu Universiteti, Gənclərin Həmrəyliyinə Dəstək İB və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə 05 iyun tarixində “Bir millət-iki dövlət!” şüarı altında böyük bir motoyürüşün açılış tədbiri keçirilib. Tədbirin əvvəlində çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, ermənilərin “Böyük Ermənistan” ideyasına sığınaraq azərbaycanlılara və türklərə qarşı müxtəlif dövrlərdə terror və soyqırım həyata keçirdiklərini qeyd etdi. O, Ermənistanın hərbi təcavüzünü haqq qazandırmaq və dünya ictimaiyyətini aldatmaq məqsədilə müxtəlif təxribat metodlarından istifadə edərək, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışdığını vurğuladı.

Professor Əhməd Vəliyev, həmçinin Ermənistanın BMT-nin tələblərinə məhəl qoymayaraq beynəlxalq hüququn prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirdiyini bildirdi. Bu vəziyyətdə, Azərbaycan tərəfi, düşmənin yalan informasiya və təbliğatına qarşı mübarizənin davamı olaraq, 05 iyun-09 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Türkiyədən 50-dən artıq peşəkar motosiklet sürücüsünün qatılacağı motoyürüş təşkil edəcək.

Yürüş, Bakıda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarının ziyarəti ilə başlayacaq. Yürüş zamanı Azərbaycanın bir sıra rayonları ziyarət ediləcək və ölkənin tarixi, mədəniyyəti, milli-mədəni irsi haqqında iştirakçılara geniş məlumat veriləcək. Daha sonra isə yürüş iştirakçıları Cocuq Mərcanlıya səfər edəcək.

Cocuq Mərcanlıda keçiriləcək səfər zamanı, iştirakçılar kəndin bərpası ilə tanış olacaq və Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqları və işğaldan azad olunmuş torpaqlara qayıdışın simvoluna çevrilən Cocuq Mərcanlı haqqında ətraflı məlumat alacaqlar.

Aksiyada fəal iştirak edənlər isə Odlar Yurdu Universiteti tərəfindən Fəxri Fərmanla təltif ediləcəklər. Bu layihə, həm də Azərbaycan xalqının birliyini və milli həmrəyliyini nümayiş etdirən əhəmiyyətli bir təşəbbüs olaraq, gənclərin ölkənin inkişafına və milli mənafelərə daha yaxından xidmət etməsinə şərait yaradacaq.