İstanbul Aydın Universitetinin rektoru Odlar Yurdu Universitetində qonaq olub

01 Aprel, 2019

İstanbul Aydın Universitetinin rektoru Odlar Yurdu Universitetində qonaq olub

İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Odlar Yurdu Universitetində qonaq olub.

Qonaqları qəbul edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, universitet haqqında ətraflı məlumat verib. O, Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıq, birgə proqramlar və layihələrdən, həmçinin tələbə-müəllim mübadiləsinin mümkünsüzlüyündən bəhs edib. Əhməd Vəliyev, Odlar Yurdu Universitetinin İstanbul Aydın Universiteti ilə beynəlxalq əlaqələr, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlığını vurğulayıb.

Mustafa Aydın isə öz növbəsində, Odlar Yurdu Universiteti ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirib. O, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini ifadə edib. Görüş zamanı iki universitet arasında tələbə mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılması, birgə elmi rəhbərlər, ikili diplom proqramları, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpoziumlar, seminarlar və konfransların təşkili, ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak barədə müzakirələr aparılıb.

Görüşün sonunda, qonaqlar öz hədiyyələrini təqdim ediblər. Daha sonra isə qonaqlara Odlar Yurdu Universiteti və universitetin nəzdində fəaliyyət göstərən, İngiltərə tədris sisteminə uyğun təhsil verən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olunub. Ekskursiya zamanı qonaqlar, Odlar Yurdu Universitetinin Bakı şəhərinin mərkəzindəki müasir kampusunu, ixtisaslar üzrə avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetlərini, akademik Zərifə Əliyeva adına tibb muzeyini, texnoparkı, konfrans zalı və toplantı mərkəzlərini, kompüter zalını, müasir kitabxanasını, yeməkxanaları, idman zallarını, tibb məntəqəsini, stadionu ilə tanış olublar. Qonaqlar universitetdən xoş təəssüratla ayrılıblar.