Məzunlarımıza Swiss Montro Biznes Universitetinin diplomları təqdim edilib

06 İyun, 2019

Məzunlarımıza Swiss Montro Biznes Universitetinin diplomları təqdim edilib

Odlar Yurdu Universitetinin məzunlarına İsveçrənin Swiss Montro Biznes Universitetinin diplomları və yeni tələbələrə tələbə biletləri təqdim edilib.

Tədbirə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və İsveçrənin Swiss Montro Biznes Universitetinin rektoru Fabio Fusi qatılıblar. İki ali təhsil müəssisəsi arasında əməkdaşlıqla bağlı imzalanan müqavilə əsasında, Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsini uğurla tamamlayan məzunlar, həmçinin Swiss Montro Biznes Universitetinin diplomlarını əldə edəcəklər. Odlar Yurdu Universitetindəki təhsil standartları, İsveçrənin bu universitetinin tədris proqramına uyğunlaşdırılıb.

Təhsil aldığı dövrdə fərqlənən tələbə və magistrlar, İsveçrənin Swiss Montro Biznes Universitetində, eləcə də Avropanın digər aparıcı təhsil ocaqlarında qısa və uzun müddətli proqramlarda iştirak etmək imkanı qazanacaqlar.

Bundan əlavə, İsveçrənin Montro Biznes Universitetinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Həmçinin, Əhməd Vəliyev İsveçrənin Montro Biznes Universitetinin Xüsusi Komitəsinin Daimi üzvü seçilib və burada qərarların qəbul edilməsində yaxından iştirak edəcək.

Tədbirdə, xalq artisti Elmira Rəhimova, Odlar Yurdu Universitetinin və ikili diplom proqramı çərçivəsində Swiss Montro Biznes Universitetinin məzunu, Həyat Fondunun təsisçisi və tanınmış aparıcı Hacı Nuran və digər qonaqlar iştirak ediblər.

Məzunlara diplomları, yeni tələbələrə isə tələbə biletlərini İsveçrənin Swiss Montro Biznes Universitetinin qəbul üzrə direktoru Andryu Tasun təqdim edib. Tədbirin sonunda, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxış edərək tələbələri təbrik edib və onlara gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıb. Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.