Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

07 May, 2019

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın əvvəlində iştirakçılar universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iştirakçıları salamlayaraq, Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Rektor vurğulayıb ki, bu gün konfransda respublikanın müxtəlif ali məktəblərindən və elmi müəssisələrindən, həmçinin xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edirlər.

Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov Odlar Yurdu Universiteti haqqında öz təəssüratlarını bölüşərək, bu müəssisənin yüksək potensiallı kadrlar yetişdirdiyini və tələbələrə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu vurğulayıb. Konfransın əhəmiyyətini qeyd edən qonaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlar və əldə olunan nəticələrin xalqın sabaha olan inamını artırdığını, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə və müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna əminlik yaratdığını qeyd edib.

Konfransın sonunda, professor Fəxrəddin Məmmədov Odlar Yurdu Universitetinin Fəxri qonaq Diplomu ilə təltif edilib.

Sonra çıxış edənlər bildirib ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevdən sonra hakimiyyətə onun layiqli davamçısı, siyasi və mənəvi varisi Prezident İlham Əliyev gəldi. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin nümunəvi fəaliyyəti sayəsində Azərbaycan möhtəşəm uğurlar əldə etdi. Prezident İlham Əliyev, Heydər Əliyev siyasi kursunu zənginləşdirərək müasir dövrə uyğun çalarlar verərək Azərbaycanı parlaq gələcəyə aparır.

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bədii hissə nümayiş olunub.