Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi, Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı, Rusiyanın Mərcani adına xeyriyyəçilik fondunun yardımı ilə Tatarıstanın Bolqar şəhərində beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Fransa, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Mərakeş, Bəhreyn, Küveyt, Oman, Tacikistan, Dağıstan, Başqırdıstan, Udmurtiya, Buryatiya və başqa ölkələrin nüfuzlu universitetlərindən və elmi tədqiqat mərkəzlərindən alim və mütəxəssislər iştirak ediblər.
Elm, cəmiyyət və tədrisin müasir problemlərini əhatə edən dərin məzmunlu məruzələr konfransın yüksək səviyyəsini nümayiş etdirib. Bir sıra çıxışlar, xüsusən Avropa və Rusiyalı tədqiqatçıların məruzələri, elmi araşdırmaların dərinliyi və yeniliyi baxımından diqqət çəkib. Tatarıstan, Mərakeş və Özbəkistan alimləri ilə görüşlər, bu ölkələrdə elmin nüfuzunun sürətlə artdığını göstərir. Belə görüşlərdə elm və tədris sahələrində əməkdaşlıq baxımından bir sıra yeni və dəyərli razılaşmalar əldə edilib. Azərbaycandan konfransa EA və BDU-nun alimləri qatılıb.
Odlar Yurdu Universitetini konfransda təmsil edən Texnopark və AİS institutunun rəhbəri, Ümumi Texniki Fənlər və Mühəndislik Kafedrasının müdiri E. Rzazadə “Study of achievements in the exact sciences of the Caliphate period as a factor in improving interreligional communication” başlıqlı məruzə ilə iştirak edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans iştirakçıları, daxil olma günü yerli tələbələrin “Brain Ring” yarışmasında iştirak etməyə dəvət edilib. Tələbələrin geniş məlumatlılığı və erudisiyası diqqət çəkib. Səfər çərçivəsində konfrans iştirakçıları qədim Bolqar şəhərindəki Bolqar Sivilizasiya Muzeyinə, Ağ Məscidə və Bolqar Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna daxil olan abidələrə ziyarət ediblər.
Bir çox xalqların tarixində əvəzsiz rolu olan qədim İtil çayının - Volqanın buzlamış görüntüləri və abadlaşdırılmış sahilləri, etnoqrafik-tarixi qoruqlar konfrans iştirakçılarının xatirəsində güclü iz buraxıb.
Konfransın nəticəsi olaraq, qardaş Tatar xalqının öz mənəvi-tarixi köklərinə məhəbbəti və hazırki yüksəlişinə şahid olmaq, iştirakçılar üçün çox əhəmiyyətli olub. İştirakçılar konfransın yüksək səviyyədə keçirilməsi, əvəzsiz ünsiyyət, səmimi qonaqpərvərlik və qardaşcasına münasibətə görə Akademiyanın rəhbərliyinə və nümayəndələrə, həmçinin əməkdaşlara dərin minnətdarlıqlarını ifadə ediblər.