British Council təşkilatının ölkə üzrə direktoru Samr Şah və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olublar. Universitetin rektoru professor Əhməd Vəliyev, qonaqları səmimi qarşılayaraq, onlara universitet barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, Odlar Yurdu Universiteti yaradıldığı gündən etibarən tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməyə çalışıb. Universitet, həmçinin, bir sıra ölkələr və aparıcı ali təhsil müəssisələri ilə mühüm əməkdaşlıq müqavilələri imzalayıb.
Professor Vəliyev, təhsilə xüsusi qayğı göstərən və universitetin inkişafına töhfə verən aparıcı şirkətlərlə korporativ əməkdaşlığın əhəmiyyətindən də danışıb. O, British Council təşkilatı ilə əməkdaşlıq, birgə proqramlar və layihələr həyata keçirmək, tələbə-müəllim mübadiləsini mümkün etmək kimi imkanları da müzakirə edib.
Qonaq Samr Şah, səmimi qəbul və qonaqpərvərlik üçün Odlar Yurdu Universitetinin rəhbərliyinə təşəkkür edib. O, bu görüşün onun üçün böyük bir şərəf olduğunu qeyd edərək, Odlar Yurdu Universitetinin inkişafı, beynəlmiləlləşdirmə siyasəti və universitetlə əməkdaşlıq maraqları haqqında danışıb. Samr Şah, universitetin British Council ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu və ikitərəfli sıx əlaqələrin faydalı olacağına inandığını bildirib.
Görüş zamanı, universitetin professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılması, birgə elmi rəhbərlik, ikili diplom, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, birgə simpoziumlar, seminarlar və konfranslar təşkil edilməsi, ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı barədə müzakirələr aparılıb.
Son olaraq, qonaq universitetlə tanış olub və Odlar Yurdu Universitetindən xoş təəssüratlarla ayrılıb.