OYU-da “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda seminar keçirilib

20 Noyabr, 2019

OYU-da “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda seminar keçirilib

Odlar Yurdu Universitetində keçirilən seminarda, iqtisadçı kadrların hazırlanması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Seminarda qeyd olunub ki, universitetdə mütəmadi olaraq bu sahədə seminarlar, görüşlər və tədbirlər təşkil edilir. Həmçinin hər il tələbə və məzunların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədilə "Karyerada ilk addım" devizi altında əmək yarmarkası keçirilir.

Tədbirdə “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov “Azərbaycan Respublikasında Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda çıxış edib. Məmmədov çıxışında, maliyyə bazarlarının təhlilinin və proqnozlaşdırılmasının əhəmiyyətinə toxunub. O qeyd edib ki, maliyyə bazarları, xüsusilə pul bazarı, kredit bazarı və qiymətli kağızlar bazarı ölkəmizdə daha sürətlə inkişaf etməkdədir.

Rövşən Məmmədov, eyni zamanda ölkəmizdə maliyyə bazarlarının inkişafını əks etdirən əsas göstəriciləri şərh edərək, gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi üçün qoyulan hədəflər barədə iştirakçılara məlumat verib.

Sonda seminar iştirakçıları maliyyə bazarlarının formalaşdırılması və inkişafı ilə bağlı suallarını ünvanlayıb, təkliflər irəli sürüblər. Müxtəlif təkliflər əsasında maliyyə bazarının formalaşdırılmasının sürətləndirilməsi məqsədilə bir sıra tövsiyələr verilmişdir.