OYU-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olundu

18 Yanvar, 2020

OYU-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olundu

Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, 20 Yanvar qurbanlarının və ümumilikdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin ruhları 1 dəqiqəlik sükutla yad edildi.

Tədbir çərçivəsində, 20 Yanvar hadisələrinə həsr olunmuş qısa film nümayiş olundu və sonra tədbir müəllim və tələbələrin çıxışları ilə davam etdi. Çıxış edənlər qeyd etdilər ki, xalqımızın qan yaddaşına çevrilmiş 20 Yanvar təkcə faciə deyil, həm də tariximizə əbədi həkk olunmuş qəhrəmanlıq salnaməsidir. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan bir xalqın haqq səsini ucaltdığı, müstəqillik və suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.

Tədbirin sonunda, 20 Yanvar hadisələri haqqında tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov öz fikirlərini bildirdi. O, qeyd etdi ki, 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın milli azadlığı və müstəqilliyi üçün yol açıblar.