İtaliyanın Link Campus Universitetinin Global və Beynəlxalq Direktoru Allesandra Liccardo və Link Campus Universitetinin direktor köməkçisi Roberto de Girolamo Odlar Yurdu Universitetində qonaq olub.
Qonaqları salamlayan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor, universitetin tarixindən, fakültə və ixtisaslarından danışaraq, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən işlərdən söz açıb. Həmçinin, iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub və müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Allesandra Liccardo, öz növbəsində, İtaliya və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrdən, Azərbaycanda gedən sürətli inkişaf prosesindən və əldə olunan uğurlardan söz açıb. O, Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu və iki universitet arasında təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduqlarını qeyd edib. Həmçinin, bu görüşün iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə, iki universitet arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Xanım Allesandra Liccardo, iki universitet arasında birgə MBA proqramının tədris olunması və yay aylarında tələbələrin iştirakı ilə birgə Yay məktəbinin təşkil edilməsi barədə təklif irəli sürüb.
Sonra qonaqlar, universitetin akt zalında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin təqdimatında “Kimdir müqəssir?” adlı tamaşanı izləyiblər.
Görüşün yekunu olaraq, qonaqlar üçün Odlar Yurdu Universitetinə və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən və İngiltərə tədris sisteminə uyğun təhsil verən “British School in Baku” (BSB)-ya ekskursiya təşkil olunub.