Odlar Yurdu Universitetində “Gənclərin keçmişə səyahəti” adlı tədbir keçirilib

03 Fevral, 2020

Odlar Yurdu Universitetində “Gənclərin keçmişə səyahəti” adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə “Gənclərin keçmişə səyahəti” adlı tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev, Odlar Yurdu Universitetinin professor və müəllim heyəti, həmçinin rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev, əvvəlcə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə təbrik edərək, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladılar.

Tədbirin xüsusi məqamlarından biri, Odlar Yurdu Universitetinin tələbələri tərəfindən hazırlanmış 80-90-cı illərin mahnılarından ibarət konsert proqramının nümayişi oldu. Tədbir, iştirakçılara o dövrün musiqi mədəniyyətinə olan marağı bir daha xatırlatdı.

Sonda, “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə “Gənclərin keçmişə səyahəti” adlı tədbirdə yaxından iştirak edən bir qrup gənc təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olundu.