OYU-da “Ekomən” adlı layihə icra olundu

18 Yanvar, 2020

OYU-da “Ekomən” adlı layihə icra olundu

Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə “Ekomən” adlı ekoloji layihənin icrası baş tutdu. Layihədə məktəblilərin və tələbələrin iştirakı təmin olundu.

Tədbirdə qeyd olundu ki, “Ekomən” layihəsi ekoloji problemlərə həsr edilmiş maarifləndirici bir təşəbbüsdür. Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi, onun qorunması üçün fəaliyyətlərin həyata keçirilməsi, gənclərin ekoloji mədəniyyətinin artırılması və ekoloji problemlərin həlli yollarının araşdırılmasıdır.

Layihə rəhbəri Nigar Axundova, “Ekomən” layihəsinin ekoloji problemləri rəsmlərlə nümayiş etdirməyin daha təsirli olacağını vurğuladı və gənclərin gözü ilə bu problemləri görmək, həmçinin onların həlli yollarını düşünmək imkanının yaranacağını bildirdi. O, həmçinin, Azərbaycanda ekoloji problemlərə böyük diqqət verildiyini və onların həlli üçün geniş tədbirlər görüldüyünü qeyd etdi. “Ekomən” layihəsinin də ekoloji problemlərin həllinə yönələn bir təşəbbüs olduğunu bildirib.

Layihə çərçivəsində ekologiya mövzusunda hazırlanan rəsmlər nümayiş olundu və ekspertlər tərəfindən sərgiyə baxış keçirildi. Sərgidə müxtəlif universitetlərin tələbələri və Nərimanov rayonu ərazisindəki məktəblərin şagirdləri iştirak etdilər. Layihənin tərəfdaş qurumu isə Nərimanov Rayon Gənclər və İdman İdarəsidir.

Tədbirin sonunda “Ekomən” layihəsində iştirak edən tələbələr və məktəblilər sertifikatlarla təltif olundular. Layihə, gənclərin ekoloji problemlərlə bağlı biliklərini artırmaq və onlara ətraf mühitin qorunması sahəsində fərqli baxış açıları qazandırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.