OYU-da Strateji İnkişaf Planının (SİP) hazırlanması ilə növbəti görüş keçirilib

20 Aprel, 2017

OYU-da Strateji İnkişaf Planının (SİP) hazırlanması ilə növbəti görüş keçirilib

Odlar Yurdu Universitetində 2017-2022-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanması müstəvisində Ali Təhsil Müəssisəsinin prioritet istiqamətlərinin, missiyasının, strateji məqsəd və hədəflərinin, eyni zamanda gələcəyə baxış konsepsiyasının formalaşması məqsədilə əmək bazarının nümayəndələri, universitetin professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və tələbələr kimi maraqlı tərəflərin növbəti görüşü keçirilmişdir.

Professor-müəllim heyəti və struktur bölmə rəhbərləri, SİP-in strateji məqsəd və hədəflərinin formalaşmasında qiymətləndirmə və monitorinq mexanizmlərinin, eləcə də elmi-tədqiqat istiqamətinin təkmilləşdirilməsi prosesinin qeyd edilməsini təklif etmişlər. Tələbələri təmsil edən TGT və TEC-in nümayəndələri keçirdikləri görüşlər nəticəsində İKT-nin tədrisdə tətbiqinin təkmilləşdirilməsi, tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakının təmin edilməsi kimi məsələlərin SİP-də yer alması ilə bağlı təkliflər irəli sürmüşlər.

Əmək bazarını təmsil edən Oksigen Klinik Xəstəxanasının, Muğan Bankın, BSB Tam Orta İnnovasiyalar Məktəbinin, Müasir İnnovasiyalar Liseyinin və Irrigation.az LLC şirkətinin nümayəndələri iştirak edərək kafedralar ilə universitetlər, məktəblər və biznes subyektləri arasında sabit əməkdaşlıq əlaqələrinin formalaşdırılması, eyni zamanda tələbələrin sosial vəziyyətlərini müəyyən edən monitorinqlərin keçirilməsi kimi amillərin SİP-də qeyd olunacaq hədəflər bölməsində öz əksini tapmasını təklif etmişlər.