Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyəti və Shane Academy-nin birgə təşkilatçılığı ilə "İnkişaf marafonu" təlimlər silsiləsi çərçivəsində "Qadınların biznesdə və şəxsi həyatda inkişaf yolu" mövzusunda təlim keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələrin şəxsi inkişafına dəstək vermək, onları karyera planlaması və liderlik bacarıqları sahəsində maarifləndirmək olmuşdur.
Təlimin spikerləri qismində Shane Academy-nin CEO-su, beynəlxalq təcrübəyə malik sahibkar və ekspert Jalə Bəhrəmova, həmçinin jurnalist, sahibkar və karyera mentoru Leyla Dibirova Oruczadə çıxış etmişlər. Onlar tələbələrlə şəxsi təcrübələrini bölüşmüş, uğurlu karyera qurmaq, biznesdə və şəxsi həyatda qarşıya çıxan çətinlikləri aşmaq yolları barədə praktiki bilik və tövsiyələr vermişlər.
Təlim çərçivəsində Odlar Yurdu Universitetinin tələbələrinə inkişaf strategiyasının qurulması, məqsədyönlü karyera planlaşdırılması, həyatdakı prioritetlərin düzgün müəyyənləşdirilməsi barədə ətraflı məlumat təqdim edilmişdir. Spikerlər real həyat təcrübələrinə əsaslanaraq qadınların iş dünyasında və şəxsi həyatda qarşılaşdıqları maneələr və bu maneələrin öhdəsindən gəlmək üçün tətbiq etdikləri effektiv yanaşmalar barədə praktiki nümunələr paylaşmışlar.
Odlar Yurdu Universitetində təşkil olunan bu tədbir gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, xüsusilə qadınların liderlik qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək olmaq məqsədini daşıyırdı. Təlim interaktiv formatda keçirilmiş, iştirakçılar mövzular ətrafında fəal müzakirələr aparmış, suallar vermiş və öz baxışlarını bölüşmək imkanı əldə etmişlər.
Təlimin yekununda Odlar Yurdu Universitetinin tələbələri yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməmiş, eyni zamanda real həyat şəraitində tətbiq edilə bilən dəyərli praktik bacarıqlar da qazanmışlar.