Odlar Yurdu Universitetinin Dizayn ixtisası üzrə II kurs tələbələri “Bədii materialşünaslıq” fənni çərçivəsində hazırladıqları əl işləri ilə ekologiya mövzusuna öz bədii münasibətlərini ifadə etmişlər. Tələbələrin təqdim etdiyi yaradıcılıq nümunələri həm forma, həm də məzmun baxımından orijinallığı ilə seçilmiş, ətraf mühitin mühafizəsi, təbiətə qayğı və ekoloji dəyərlərin qorunması kimi mühüm məsələlərə incəsənət dili ilə yanaşma nümayiş etdirmişdir.
Odlar Yurdu Universitetində nümayiş etdirilmiş bu layihə tələbələrin yalnız nəzəri biliklərini deyil, həm də praktik bacarıq və yaradıcı potensiallarını üzə çıxarmışdır. Əl işlərində istifadə olunmuş müxtəlif materiallar və texnikalar onların fərdi üslub və bədii təxəyyülünü nümayiş etdirmiş, eyni zamanda ekoloji düşüncənin incə estetik ifadəsinə çevrilmişdir.
Layihə çərçivəsində təqdim olunan işlər, gənc dizaynerlərin sənətə olan həssas yanaşmalarını və sosial mövzulara biganə qalmadıqlarını göstərmişdir. Bu təşəbbüs, Odlar Yurdu Universitetinin tələbələrinin yaradıcılıq imkanlarının genişliyini və onların cəmiyyətə faydalı, düşüncəli fərdlər kimi formalaşdıqlarını bir daha təsdiq etmişdir.