Odlar Yurdu Universiteti əmək bazarının çağırışlarına cavab verən, innovativ və praktiki yönümlü əməkdaşlıq istiqamətlərini genişləndirməyə davam edir. Bu məqsədlə Odlar Yurdu Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Sənəd Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tərəfindən imzalanmışdır.
Görüşdə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev universitetin fəaliyyət prinsiplərinə toxunaraq bildirmişdir ki, Odlar Yurdu Universiteti daim dəyişən əmək bazarına uyğun elmi və pedaqoji istiqamətləri yeniləməklə, tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir. Onun sözlərinə görə, universitetin innovasiyalara açıq, əmək bazarının tələblərinə cavab verən və praktiki biliklərə əsaslanan bir akademik mərkəz kimi fəaliyyət göstərməsi əsas prioritetlərdəndir.
Daha sonra Professor Samir Vəliyev öz çıxışında Anlaşma Memorandumunu yüksək dəyərləndirmiş və qeyd etmişdir ki, Odlar Yurdu Universitetinin pedaqoji heyəti bu sənəddə nəzərdə tutulan layihələrdə fəal şəkildə iştirak edəcək, tələbələr üçün real iş mühitinə uyğun təlimlər və təcrübə proqramları təşkil olunacaqdır.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli əmək bazarında baş verən sürətli dəyişikliklər fonunda universitetlərlə əməkdaşlığın zəruriliyini vurğulamış, Odlar Yurdu Universiteti ilə birgə həyata keçiriləcək fəaliyyətlərin gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağını bildirmişdir.
İmzalanmış sənəddə əmək bazarına çıxan gənclərin peşəkar bacarıqlarının artırılması, onların real iş mühitinə adaptasiya imkanlarının genişləndirilməsi və elmi tədqiqatların praktik tətbiqinə yönəldilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, birgə seminarların, təcrübə proqramlarının və analitik araşdırmaların keçirilməsi əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən olunmuşdur.
Görüş zamanı gələcək layihələr və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlığın uzunmüddətli perspektivləri müzakirə olunmuşdur.
Odlar Yurdu Universiteti bu əməkdaşlıq çərçivəsində əmək bazarına uyğun, müasir və bilikli kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas hədəf kimi qoymuşdur.