Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası baş tutmuşdur. İclasa universitetin rektoru, professor Əhməd Vəliyev sədrlik etmişdir. Gündəlik məsələlərin müzakirəsinə başlamazdan öncə cənab rektor iştirakçıları salamlamış, universitetin elmi-akademik mühitində baş verən yeniliklər, qarşıda duran əsas hədəflər və prioritet istiqamətlər barədə ətraflı məlumat vermişdir.
İclasın gündəliyinə uyğun olaraq, ilk olaraq “Filologiya və humanitar fənlər” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Ülviyyə Tacir qızı Mehralıyevanın müəllifi olduğu “Müasir Azərbaycan cəmiyyətində şəxsiyyətin sosiallaşması” adlı monoqrafiyanın elmi-nəzəri baxımdan təhlili aparılmışdır. Müzakirələr zamanı Elmi Şura üzvləri tərəfindən əsərin müasir Azərbaycan cəmiyyətində sosiallaşma proseslərini elmi əsaslarla izah etməsi yüksək qiymətləndirilmiş, bu monoqrafiyanın humanitar elmlər sahəsində aparılan tədqiqatlara mühüm töhfə verdiyi vurğulanmışdır.
Daha sonra 3 saylı “Riyaziyyat və rəqəmsal texnologiyalar” kafedrasının əməkdaşları – fəlsəfə doktoru, professor Mübariz Balaəli oğlu Vəliyev, iqtisad elmləri doktoru, professor Eldar Hüseyn oğlu Hüseynov və müəllim Nərgiz Kərəm qızı Süleymanovanın birgə hazırladığı “Ehtimal nəzəriyyəsi və riyazi statistika” adlı dərs vəsaitinin müzakirəsi keçirilmişdir. Vəsaitin məzmunu, struktur quruluşu, müasir tədris tələblərinə uyğunluğu və tədris prosesində tətbiq imkanları ətraflı şəkildə təhlil olunmuş, xüsusilə rəqəmsal texnologiyalarla inteqrasiyalı yanaşmaların əhəmiyyəti xüsusi vurğulanmışdır. Elmi Şura üzvləri bu dərs vəsaitinin müvafiq ixtisaslar üzrə tədrisin effektivliyinin artırılmasında mühüm rol oynayacağını qeyd etmişlər.
Müzakirələr zamanı hər iki təqdimata dair elmi-pedaqoji və metodoloji baxımdan dəyərli təklif və rəylər səsləndirilmiş, təqdim olunan əsərlərin nəşr olunması və tədris prosesində istifadəsi ilə bağlı yekdil qərar qəbul edilmişdir.
İclas, Odlar Yurdu Universitetində elmi yaradıcılığın təşviqi, müəlliflik fəaliyyətinin stimullaşdırılması və elmi biliklərin tədris prosesinə inteqrasiyasının gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilmişdir.