OYU-nun rektoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilmiş, Atatürk Beynəlxalq Mükafatı və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur

01 İyul, 2025

OYU-nun rektoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilmiş, Atatürk Beynəlxalq Mükafatı və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDAUA) əsas məqsədi Türk dünyasında və türkdilli xalqların yaşadığı ölkələrdə elm, dil, mədəniyyət, tarix və ədəbiyyat sahələrində tədqiqatlar aparmaq və bu sahələrin inkişafına töhfə verməkdir. Akademiyanın təsisçi ölkələri sırasında Türkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti yer alır. TDAUA-nın hal-hazırda ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çin də daxil olmaqla bir çox ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.

16 iyun 2025-ci il tarixli qərara əsasən, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev TDAUA-nın akademik üzvü seçilmiş və elm və təhsilin inkişafına verdiyi mühüm töhfələrə görə Atatürk Beynəlxalq Mükafatı və "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.

Atatürk Beynəlxalq Mükafatı və "Qızıl Ulduz" medalı Türk dünyasında elm, təhsil, mədəniyyət və tarix sahəsində təqdim olunan ən nüfuzlu mükafatlardan hesab olunur. Bu mükafata indiyə qədər Azərbaycandan Arif Paşayev, Xoşbəxt Yusifzadə və Eldar Quliyev; Türkiyədən Süleyman Dəmirəl, Bahaəddin Güney, İhsan Doğramacı və Namik Kemal Zeybək; Şimali Kiprdən Rauf Denktaş; Qazaxıstandan Oljas Süleymenov və Nursultan Nazarbayev; Qırğızıstandan isə Çingiz Aytmatov kimi tanınmış şəxsiyyətlər layiq görülmüşlər.

Bu yüksək təltiflər, Odlar Yurdu Universitetinin beynəlxalq elm və təhsil məkanındakı nüfuzunu bir daha möhkəmləndirmiş və professor Əhməd Vəliyevin rəhbərliyi ilə universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərmişdir. Onun elmi və təşkilati fəaliyyəti universitetin qlobal elmi ictimaiyyətdəki nüfuzuna mühüm töhfə vermişdir.

Bu münasibətlə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti və tələbələri professor Əhməd Vəliyevi səmimi qəlbdən təbrik edir, gələcək elmi və təşkilati fəaliyyətlərində ona yeni-yeni uğurlar arzulayırlar.