OYU tələbəsinin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunmuşdur

04 Noyabr, 2025

OYU tələbəsinin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunmuşdur

Odlar Yurdu Universitetinin Biologiya ixtisası üzrə IV kurs tələbəsi, eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Həsən Qurbanlı, 2025-ci ilin 28–30 sentyabr tarixlərində Türkiyənin Ankara şəhərində keçirilmiş “Gevher Nesibe 15th International Health Sciences Congress” adlı beynəlxalq elmi konfransda “Gen mühəndisliyi və onun tibbdə perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış etmişdir.
Sözügedən elmi tədqiqat işi konfransda təqdim olunduqdan sonra yüksək elmi dəyərinə görə “International Gevher Nesibe Health Sciences Conference – XV Proceedings Book” elmi jurnalında dərc olunmuşdur. Bu nəşr, Həsən Qurbanlının elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.
Tədqiqat işi Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının dosenti Tamilla Kərimovanın elmi rəhbərliyi altında yerinə yetirilmişdir. Məruzə gen mühəndisliyinin tibbdə tətbiq imkanlarını araşdırmış, biotexnologiya ilə tibbin qovşağında yeni elmi yanaşmalar təqdim etmişdir. Mövzu, elmi yeniliyi, məntiqi əsaslandırılması və aktual problemlərin analizi baxımından konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Bu uğur, Odlar Yurdu Universitetində həyata keçirilən praktik biliklərə əsaslanan tədqiqat yönümlü təhsil strategiyasının və tələbələrə yaradılan geniş elmi imkanların real nəticəsidir. Universitetin tələbələri müasir elmi yanaşmalarla çıxış edərək, beynəlxalq miqyasda Azərbaycan elminin və Odlar Yurdu Universitetinin adını layiqincə təmsil etmişlər.