Hörmətli həmkarlar, dəyərli professor-müəllim heyəti və əziz tələbələr!
Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Bu möhtəşəm gün Azərbaycan xalqının qəhrəmanlıq iradəsini, milli birliyini və dövlətimizin suveren gücünü təcəssüm etdirən ən qürurlu tarixlərdən biridir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər təkcə hərbi qələbə deyil, həm də Konstitusiya ilə təsbit olunmuş suverenliyimizin bərpası, milli qürurumuzun və dövlət müstəqilliyimizin əbədiliyinin rəmzidir.
2025-ci ilin ölkə başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu Zəfərin mənəvi davamı, dövlətimizin qüdrətini və milli birliyimizin sarsılmazlığını ifadə edir. Bu iki mühüm məqamın vəhdəti, Odlar Yurdu Universitetinin kollektivi üçün də xüsusi əhəmiyyət daşıyır – çünki biz bu dəyərləri elm, təhsil və vətənpərvərlik ruhu ilə qoruyub gələcək nəsillərə ötürürük.
Bu Zəfəri bizə bəxş edən igid əsgər və zabitlərimizin, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayıram. Onların qəhrəmanlığı hər biriniz üçün örnək, Azərbaycan gəncliyi üçün ilham mənbəyidir.
Qoy bu bayram ruhu Odlar Yurdu Universitetinin hər bir üzvünün qəlbində qürur, birlik və vətən sevgisini daha da möhkəmləndirsin!
Zəfər Bayramınız mübarək olsun!
Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru