OYU tələbələri Zəfər Günü münasibətilə “Zəfər Parkı”nı və “Hərbi Qənimətlər Parkı”nı ziyarət etmişlər

08 Noyabr, 2025

OYU tələbələri Zəfər Günü münasibətilə “Zəfər Parkı”nı və “Hərbi Qənimətlər Parkı”nı ziyarət etmişlər

8 Noyabr – Zəfər Günü münasibətilə Odlar Yurdu Universitetinin Humanitar, Təhsil və Dillər fakültəsinin tələbələri “Zəfər Parkı”nı və “Hərbi Qənimətlər Parkı”nı ziyarət etmişlər.
Ziyarət Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi Könül Hüseynovanın rəhbərliyi ilə təşkil edilmişdir. Səfərin məqsədi tələbələrdə vətənpərvərlik, milli həmrəylik və dövlətçilik dəyərlərinə hörmət hisslərinin formalaşdırılması, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığının gənc nəsillərə tanıdılması olmuşdur.
Ziyarət zamanı tələbələr 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərmiş olduğu misilsiz igidlik, azad edilmiş ərazilərimizdə bərpa olunan həyat və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi barədə ətraflı məlumat əldə etmişlər. Onlar həmçinin “Zəfər Parkı” və “Hərbi Qənimətlər Parkı”nda sərgilənən hərbi texnika və ekspozisiyalarla tanış olmuş, Vətən müharibəsinin gedişi, ordumuzun döyüş taktikası və qazanılmış Qələbənin tarixi əhəmiyyəti haqqında məlumatlandırılmışlar.
Odlar Yurdu Universitetinin tələbələri bu ziyarəti dərin qürur hissi ilə keçirmiş, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan bütün qəhrəmanların xatirəsini ehtiramla yad etmişlər.
Bu kimi maarifləndirici səfərlər Odlar Yurdu Universitetində gənclərin mənəvi dünyasının zənginləşdirilməsinə, milli kimlik və vətən sevgisi kimi dəyərlərin daha dərindən aşılanmasına xidmət etməkdədir.