Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Karyera həftəsi” layihəsi çərçivəsində Strateji İnkişaf və Karyera Departamenti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Gələcəyin peşəkarı: Karyera və əmək bazarı bacarıqları” mövzusunda növbəti təlim keçirilmişdir. Tədbir tələbələrin peşəkar inkişafına dəstək göstərmək və onları əmək bazarının real tələblərinə hazırlamaq məqsədi daşıyırmışdır.
Təlimin açılışında Strateji İnkişaf və Karyera Departamentinin rəhbəri Aslan Əzimzadə çıxış edərək Odlar Yurdu Universitetinin 30 illik inkişaf yolundan, bu illər ərzində həyata keçirilmiş layihələrdən və tələbələrin karyera planlaşdırmasına yönəlik təşəbbüslərdən danışmışdır. O, “Karyera həftəsi”nin tələbələrin gələcək peşə seçiminə, əmək bazarının tələblərini öyrənməsinə və peşəkar inkişaf prosesinə verdiyi mühüm töhfələri vurğulamışdır.
Təlim çərçivəsində Peşəkar Karyera Məsləhətçisi, Təhsil və Gənclərin İnkişafı üzrə mentor Gülnar Babayeva “İş dünyasına hazırlıq”, Bakı Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin baş mütəxəssisi, karyera məsləhətçisi İlkin Şərifov isə “Əmək bazarının araşdırılması” mövzusunda məruzələrlə çıxış etmişdir. Təlim iştirakçılara müasir iş mühiti, əmək bazarının trendləri və peşəkar bacarıqların inkişafı ilə bağlı dəyərli məlumatlar təqdim etmişdir.
Tədbir interaktiv müzakirələrlə davam etmiş, tələbələrin sualları cavablandırılmış və müxtəlif praktiki situasiyalar üzərində fikir mübadiləsi aparılmışdır.
“Karyera həftəsi” çərçivəsində həyata keçirilmiş bu təşəbbüslərin əsas məqsədi tələbələrə əmək bazarının çağırışlarına uyğun bilik və bacarıqların aşılanması, onların gələcək karyera yolunda daha hazırlıqlı olmalarının təmin edilməsidir.
Təlim Odlar Yurdu Universitetinin tələbələrin peşəkar inkişafına verdiyi ardıcıl dəstəyin növbəti nümunəsi olmuşdur.