2024/2025-ci tədris ilinin başlanması münasibətilə Odlar Yurdu Universitetində təntənəli tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirin açılışını cənab rektor, professor Əhməd Vəliyev etmişdir. O, yeni tələbələri səmimi şəkildə salamlayaraq, onların universitet ailəsinə qoşulmalarını böyük məmnuniyyətlə qarşılamışdır. Rektor, universitetin güclü akademik tədris sistemi və tələbələrə göstərilən dəstəyi vurğulamışdır. Eyni zamanda, müasir tədris metodlarının tələbələrin akademik və şəxsi inkişafına necə müsbət təsir edəcəyini ətraflı şəkildə açıqlamışdır.
Professor Əhməd Vəliyev, Odlar Yurdu Universitetinin cəmiyyətə faydalı mütəxəssislərin yetişdirilməsinə yönəlmiş strateji hədəflərini və bu məqsədlə tələbələrin rolunu qeyd etmişdir. Universitetin geniş karyera imkanları və təcrübə proqramlarının tələbələrin gələcək karyeralarına müsbət təsirini vurğulamış və onları bu imkanlardan maksimum yararlanmağa təşviq etmişdir.
Daha sonra Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dosent Aynurə Qurbanova çıxış edərək, tələbələrə universitetin tədris prosesində göstərilən dəstək və resurslar haqqında ətraflı məlumat vermişdir. O, universitetin tələbələrə təqdim etdiyi akademik imkanlar, elmi-tədqiqat fəaliyyətləri və müasir tədris metodları ilə onların necə dəstəkləndiyini açıqlamışdır.
Tədbirin növbəti hissəsində yeni tələbələr universitetlə tanış olmuşdular.
Universitetimizin professor-müəllim heyəti onlara universitet strukturu, tədris prosesi və tələbə həyatı haqqında geniş məlumat vermişdir. Bu tanışlıq zamanı tələbələr universitetin müxtəlif təhsil, təcrübə və karyera imkanları ilə yaxından tanış olmuşdular.
Tədbirin yekununda Karyera və Təcrübə Mərkəzinin həmsədri, dosent Fuad İbadov çıxış edərək, tələbələrə universitetin karyera inkişafı üçün təqdim etdiyi imkanlar və resurslar haqqında ətraflı məlumat vermişdir. O, tələbələrə universitetdəki karyera yollarını formalaşdırmağa kömək edəcək təcrübə proqramları və digər təşviqat vasitələri barədə tövsiyələr vermişdir.
Odlar Yurdu Universitetində yeni tədris ilinin başlanması, tələbələrin universitet mühitinə uğurlu inteqrasiyasını təmin edərək, onların gələcək akademik və karyera hədəflərini müəyyən etmələrinə əhəmiyyətli töhfə vermişdir.