Odlar Yurdu Universitetinin Humanitar, təhsil və dillər fakültəsində “Azərbaycan dialektologiyası” fənni üzrə genişləndirilmiş dərs təşkil edilmişdir. Filologiya və humanitar fənlər kafedrasının müəllimi Rəvanə Məmmədovanın rəhbərliyi ilə baş tutan dərs III kurs, 654F qrup tələbələri ilə birlikdə “Dialektlərin lüğət tərkibi” mövzusuna həsr olunmuşdur.
Mühazirə çərçivəsində Azərbaycan dili dialekt və şivələrinin tədqiqi məsələləri müzakirə edilmiş, onların formalaşma tarixi, bölgüsü və dil xüsusiyyətləri haqqında geniş məlumat verilmişdir. Rəvanə Məmmədova dialektoloji tədqiqatların elmi və praktik əhəmiyyətini vurğulamış, bu sahədə aparılan araşdırmaların Azərbaycan dilçiliyindəki yerini xüsusi qeyd etmişdir.
Dərs prosesində tələbələr Qarabağ, Şəki və Cənub ləhcələri üzrə təqdimatlar nümayiş etdirmiş, eləcə də dialektlərin fonetik, leksik və qrammatik xüsusiyyətlərini əks etdirən səhnəciklər hazırlamışlar. Odlar Yurdu Universitetinin fakültə dekanları və müəllimlərinin iştirakı ilə keçirilən müzakirələr tələbələrə mövzu üzrə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı yaratmışdır.
Odlar Yurdu Universiteti akademik mühitin inkişafına, elmi yanaşmaların təşviqinə və tələbələrin nəzəri biliklərinin praktik tətbiqinə xüsusi önəm verir. Bu cür genişləndirilmiş dərslər universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsinə və dialektoloji araşdırmalar sahəsində bacarıqlarının inkişafına töhfə verir.