Odlar Yurdu Universitetinin Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminarda kafedranın dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Camal İsmayılov “Məsafədən zondlama texnikasının geoloji tədqiqatlara tətbiqi” mövzusunda məruzə təqdim etmişdir.
Seminarda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti iştirak etmişdir. Məruzədə məsafədən zondlama texnikasının fiziki-riyazi əsasları və onun müxtəlif sahələrdə tətbiqi geniş şəkildə izah edilmişdir. Xüsusilə, minerallların təsbitində məsafədən zondlama texnikasının üstünlüklərindən, peyk təsvirlərinin xüsusiyyətlərindən və onların spectral analizlərinin aparılması üsullarından danışılmışdır.
Seminarda, həmçinin, peyk təsvirlərinin klassifikasiyası zamanı istifadə olunan klassik riyazi-statistik aparat və süni neyron şəbəkə texnologiyaları haqqında da ətraflı məlumat verilmiş, onların müqayisəli təhlili təqdim olunmuşdur. Müzakirələr zamanı bu texnologiyanın Odlar Yurdu Universitetinin İT və mühəndislik ixtisasları üzrə magistratura mövzularına daxil edilməsi barədə tövsiyələr irəli sürülmüşdür.
Seminar, yalnız nəzəri biliklərin müzakirəsi ilə kifayətlənməmiş, həm də gələcəkdə bu sahənin inkişafına töhfə verəcək yenilikçi təkliflərin və perspektivlərin ortaya çıxmasına səbəb olmuşdur. Odlar Yurdu Universiteti, bu cür seminarlarda tələbələrinin və akademik heyətinin elmi və praktiki biliklərini zənginləşdirməyə, elmi araşdırmaların genişlənməsinə və yeni texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.
Bu seminarda iştirak edən hər bir şəxs, həmçinin, müasir elmi yanaşmalar və texnologiyalarla bağlı yeni anlayış və həllər əldə etmişdir ki, bu da onların gələcəkdə elmi və peşəkar inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.