OYU-da informasiya təhlükəsizliyi mövzusunda seminar keçirilmişdir

10 Aprel, 2025

OYU-da informasiya təhlükəsizliyi mövzusunda seminar keçirilmişdir
Odlar Yurdu Universitetinin Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrası tərəfindən “İnformasiya təhlükəsizliyinin əsasları” mövzusunda elmi-metodiki seminar təşkil olunmuşdur. Seminarda məruzəçi, kafedranın müəllimi Aynur Əliyeva, bu sahənin əsas anlayışları və müasir təhlükəsizlik məsələləri haqqında ətraflı məlumat təqdim etmişdir.
Seminarı açan kafedra rəhbəri, elmi-metodiki seminarların əhəmiyyətinə toxunaraq, bu cür tədbirlərin informasiya təhlükəsizliyi sahəsindəki biliklərin dərinləşdirilməsinə və elmi araşdırmaların inkişafına necə töhfə verdiyini vurğulamışdır. Məruzə zamanı, kriptoqrafiya və şifrələmə üsullarından tutmuş, şəbəkə təhlükəsizliyi və zərərli proqramlardan qorunma metodlarına qədər geniş mövzular müzakirə olunmuşdur. Həmçinin, beynəlxalq standartlar çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri də diqqətə çatdırılmışdır.
Seminardan sonra kafedranın professor-müəllim heyəti informasiya təhlükəsizliyinin tətbiqi və əhəmiyyəti barədə fikir mübadiləsi aparmışlar. Dövlət və özəl sektorda həyata keçirilən tədbirlər müzakirə edilmiş və bu sahədəki inkişaflar haqqında müxtəlif baxışlar paylaşılmışdır.
Seminarın sonunda, iştirakçılar bir sıra təklif və tövsiyələr irəli sürmüşlər. Respublika səviyyəsində kriptoqrafiya sahəsində məktəbin yaradılmasının vacibliyi vurğulanmış, həmçinin informasiya təhlükəsizliyinin riyazi əsaslarının inkişaf etdirilməsi təklif olunmuşdur. Gələcəkdə bu mövzuda əlavə seminarların keçirilməsi nəzərdə tutulmuşdur.
Seminarın uğurla başa çatdığı elan edilərək, məruzəçiyə və iştirakçılara təşəkkürlər ifadə edilmişdir.