Odlar Yurdu Universitetində 2022-2027-ci illər üçün Strateji İnkişaf Planının (SİP) hazırlanması üzrə maraqlı tərəflərin görüşü keçirilib

16 İyun, 2022

Odlar Yurdu Universitetində 2022-2027-ci illər üçün Strateji İnkişaf Planının (SİP) hazırlanması üzrə maraqlı tərəflərin görüşü keçirilib

Odlar Yurdu Universitetində 2022-2027-ci illəri əhatə edən Strateji İnkişaf Planının (SİP) hazırlanması çərçivəsində maraqlı tərəflərin görüşü keçirilib. Görüşdə iştirakçılara 2017-2022-ci illəri əhatə edən əvvəlki Strateji İnkişaf Planının yekun hesabatı təqdim olunub.

İclasda əmək bazarını təmsil edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Muğan Bankın, Sinam LTD-nin, Oksigen Klinik Xəstəxanasının, BSB Tam Orta İnnovasiyalar Məktəbinin, Müasir İnnovasiyalar Liseyinin, Irrigation.az MMC-nin və 4S MMC-nin nümayəndələri iştirak edərək, universitetin gələcək inkişaf planlarında birgə təcrübə və təlim proqramlarının təşkil edilməsi, məzunların əmək bazarındakı fəaliyyətinin izlənilməsi üçün mütərəqqi mexanizmlərin qurulması, həmçinin əmək bazarının tələblərinə uyğun yeni ixtisasların tədrisə daxil edilməsi məsələlərinin əhəmiyyətini vurğulamışlar.

Digər tərəfdən, universitetin struktur bölmələrinin nümayəndələri Covid-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik şəraitində 2017-2022-ci illəri əhatə edən SİP-də müəyyən hədəflərin tam şəkildə reallaşdırıla bilmədiyini qeyd edərək, bu hədəflərin 2022-2027-ci illər üçün hazırlanacaq Strateji İnkişaf Planında əksini tapmasının vacibliyini bildirib. Eyni zamanda, görüşdə universitetin məzunları ilə iş sektorunun əlaqələrinin gücləndirilməsi və onların universitet həyatına daha fəal inteqrasiya edilməsi mövzusunda bir sıra təkliflər irəli sürülüb.

Bu görüş, Odlar Yurdu Universitetinin strateji inkişafını daha geniş tərəfdaşlar və maraqlı tərəflərlə birlikdə planlaşdıraraq, universitetin təhsil və elmi fəaliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və gələcəkdə daha effektiv inkişafını təmin etməyə yönəlmiş əhəmiyyətli addım olub.